Loading

Bu sayt yazıçı, jurnalist, ssenarist-rejissor və bəstəkar Sədaqət Kərimovanın yaradıcılığına həsr olunub.

img

Sədaqət Kərimovanın
həyat və yaradıcılığı

Sədaqət Qayınbəy qızı Kərimova 1953-cü ilin martın 30-da Azərbaycan Respublikasının Qusar rayonunun Qələcuq kəndində anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur.

Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. Tələbəlik illərindən “Azərbaycan gəncləri” qəzetində əxlaq mövzusunda çap etdirdiyi silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra “Sovet kəndi” qəzetində müxbir, “Həyat” və “Azərbaycan” qəzetlərində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini vəzifələrində çalışmışdır.

S.Kərimova 1997-ci ildən bu günə kimi “Samur” qəzetinin baş redaktorudur. Dövlət dəstəyi və sponsorları olmayan, ləzgi, Azərbaycan və rus dillərində nəşr olunan bu qəzet 30 ilə yaxındır S. Kərimovanın şəxsi vəsaiti ilə işıq üzü görür.

S. Kərimova Azərbaycan, rus və ləzgi dillərində çap olunmuş 10 mindən çox məqalənin müəllifidir.

Jurnalistika sahəsindəki uğurlarına görə o, hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (1984) və Həsənbəy Zərdabi adına (1991) mükafatlarına layiq görülmüşdür.

Sədaqət Kərimovanın ləzgi, Azərbaycan, rus və türk dillərində 40-a yaxın nəzm və nəsr kitabı çapdan çıxmışdır. “Səssiz haray” adlı povest və hekayələrdən ibarət ilk kitabı 1989-cu ildə “Yazıçı” nəşriyyatında işıq üzü görmüş və müəllifinə böyük uğur gətirmişdir. “Bir yaz gecəsi” (1991) adlı ikinci nəsr kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. “Qərib quşun nəğməsi” müəllifin azərbaycanca ilk şeirlər kitabıdır.

Ləzgi dilində ilk kitabı olan, 1995-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş “Ləzginka çal, qardaşım” adlı şeirlər toplusu şairəyə ləzgi oxucularının böyük məhəbbətini qazandırmışdır. İki il sonra onun ləzgi dilində “Köklənsin dünyamız “Ləzginka” üstə” adlı şeir və poemalardan ibarət ikinci kitabı nəşr olunmuşdur.

S. Kərimovanın “Hal” (1993) romanı Azərbaycan ədəbi mühitində əlamətdar hadisə kimi qeyd olunmuş, əsər haqqında respublika mətbuatında onlarca resenziya çap olunmuşdur. Yazıçının “Qürub” (2000) adlı povest və romanlar toplusu onun yaradıcılığında önəmli yer tutur. Mənəvi tərbiyə və əxlaq problemlərindən bəhs edən həmin kitab oxucuların dərin rəğbətini qazanmış, qələm sahibləri oradakı ayrı-ayrı əsərlər haqqında qəzet səhifələrində 60-dan çox məqalə çap etmişlər.

Müəllifin oxucular tərəfindən sevilən əsərləri arasında ləzgi dilində qələmə aldığı və özünün Azərbaycan dilinə çevirdiyi “Soyuq günəş” romanı xüsusi yer tutur. Onun uşaqlar üçün yazdığı “Günəş gülür” və “Leyin nağılı” kitablarından Azərbaycanın və Dağıstanın ləzgi dili tədris olunan bir sıra məktəblərində sinifdənkənar oxu kitabı kimi geniş istifadə olunur.

Son illər onun qələmindən Azərbaycan dilində “Ağ qəm”, “Özgə ağrısı”, “Yol ayrıcında” nəsr kitabları, “Qərib quşun nəğməsi”, “Qəlbinə boylan, insan”, “Hardasan, əvvəlki mən?” nəzm kitabları çıxıb.

Ləzgi dilində onun “Dil haqqında ballada” ("ЧIалакай баллада"), “Daha bir bahar” ("Мад са гатфар"), “Hisslərimlə baş-başa” ("Гьиссерин кимел") adlı şeir, “İtən gündəlik” ("Квахьай йикъарган") nəsr kitabları işıq üzü görüb.

Rus dilində müəllifin «За семью горами» ("Yeddi dağın arxasında"), «Блажная» ("Hal"), «Медвежий дождь» ("Ayı yağışı"), «Потерянный дневник» ("İtən gündəlik"), «Дум моих узоры» ("Düşüncələrimin naxışları") adlı nəzm və nəsr kitabları çapdan çıxıb.

S. Kərimova Azərbaycan və ləzgi dillərində qələmə aldığı 700 səhifəlik “Qusar, qusarlılar - КцIар, кцIарвияр” (2011) ensiklopedik toplusunun müəllifidir. Ləzgi və Azərbaycan dillərində yazılmış həmin kitabda Qusar rayonunun tarixi, etnoqrafiyası, maarifi, mədəniyyəti, adət-ənənələri, tanınmış insanları haqqında maraqlı məlumatlar toplanmışdır. Toplu müəllifin tarixçi, dilçi, jurnalist, tərcüməçi, fotoqraf kimi tədqiqatları ilə diqqəti cəlb edir. Həmin kitab ləzgi-azərbaycan və azərbaycan-ləzgi dilləri sahəsində çalışan peşəkarlar üçün əsl tapıntıdır.

2017-ci ildə Türkiyədə müəllifin "Lezgiye" adlı kitabı türk dilində çapdan çıxmışdır.

S. Kərimova topladığı 1000-ə yaxın ləzgi bayatısı əsasında 2017-ci ildə "Mənim şair xalqım" adlı kitab yazıb çap etdirmişdir. Kitab Azərbaycan EA-nın Folklor İnstitutunun diqqətini cəlb etmiş, müəllifin ləzgicədən azərbaycancaya tərcümə etdiyi ləzgi bayatılarından ibarət kitabı ayrıca çapdan buraxmışdır.

Sədaqət Kərimova tanınmış yazıçı-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını tərtib edib çapdan çıxarmışdır.

2003-cü ildə Müzəffər Məlikməmmədov S. Kərimova haqqında “Sədaqət” adlı sənədli-publisistik kitab nəşr etdirmiş, yazıçının həyat və yaradıcılığını ətraflı təhlil etmişdir.

2013-cü ildə Azərbaycan Respublikasının Nobel İnformasiya Mərkəzinin sədri, filologiya elmləri namizədi Bəybala Ələsgərov tərəfindən “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunmuşdur.

2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarmışdır. Sədaqət Kərimova bəstəkar kimi də tanınır. Sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çıxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilmişdir.

S. Kərimovanın bir sıra əsərləri avar, kumık, rus, türk, alman və ingilis dillərinə tərcümə olunmuşdur.

S. Kərimova 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik etmiş, ləzgi mədəniyyəti və incəsənətinin Azərbaycanda və onun hüdudlarından uzaqlarda tanınıb sevilməsi üçün böyük səylər göstərmişdir. Ansambl öz zəngin və çoxşaxəli fəaliyyətinə görə “Azərbaycanın Xalq Kollektivi” fəxri adına layiq görülmüşdür. Sədaqət Kərimova Azərbaycanda ilk dəfə “Ləzgi rəqs məktəbini” yaratmışdır. O, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləyib həyata qaytarmış, özü şəxsən bir neçə orijinal rəqs yaradıb ansamblın repertuarına daxil etmişdir.

Sədaqət Kərimova ssenari müəllifi və rejissoru olduğu qısametrajlı və tammetrajlı sənədli, sənədli-musiqili və bədii filmləri ilə də tanınır. 2004 və 2008-ci illərdə o, “Mənim doğma elim” adlı iki musiqili-sənədli film yaratmışdır. Ləzgi xalqının mədəniyyətinə və etnoqrafiyasına həsr olunmuş, hər biri iki saatlıq olan həmin filmləri müəllifin musiqisi müşayiət edir, kadrarxası sözləri də özü səsləndirir. Bu filmlər ləzgi dilində həmin formatda və üslubda yaradılmış ilk filmlər kimi tarixə düşmüşdür.

S. Kərimova 100-ə yaxın sənədli filmin müəllifidir. Onun ssenari müəllifi, bəstəkarı və prodüseri olduğu, 2018-ci ildə çəkilib, 2021-ci ildə YouTube-da yerləşdirilmiş «Soyuq günəş» bədii filmi tamaşaçıların dərin rəğbətini qazanmış, onu bu günə kimi ləzgi, Azərbaycan, rus və ingilis dillərində 20 milyondan çox insan izləmişdir.

S. Kərimovanın ssenari müəllifi, rejissoru və prodüseri olduğu “İtən gündəlik”, “Səssiz haray” və “Hal” filmləri də YouTube-da ən çox izlənən filmlər siyahısına düşmüşdür.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə S. Kərimovaya “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir. O, həmçinin Dağıstan hökumətinin “Ana torpağa sonsuz məhəbbətinə görə” medalı və “Dağıstan Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunmuşdur.